İnvaziv endoskopiya

Diaqnostik müayinə ilə yanaşı müalicə məqsədli endoskopik müdaxilələr. Prosedur seçimi klinik vəziyyətə, əvvəlki müayinələrin nəticələrinə və təhlükəsizlik meyarlarına əsasən müəyyən edilir.

İnvaziv endoskopiya endoskopun yalnız baxış aləti kimi deyil, müalicə aləti kimi işlədilməsidir. Müayinə zamanı görülən problemə eyni yolla müdaxilə edilir — öd kanalındakı daş çıxarılır, daralmış kanal açılır, genişlənmiş damar bağlanır, törəmə xaric edilir.

Bu müdaxilələr öd yolları və mədəaltı vəz xəstəliklərində, portal hipertenziyanın fəsadlarında, həmçinin qidalanma dəstəyi tələb edən seçilmiş hallarda tətbiq olunur. Müdaxilələri Dr. Aqil Ağakişiyev aparır.

MÜDAXİLƏLƏR

Hansı müdaxilələr aparılır

ERCP

Öd yollarının, qaraciyərdaxili öd yollarının və mədəaltı vəzin kanalının həm qiymətləndirilməsi, həm də müalicəsi üçün aparılır. Öd kanalı daşlarının təmizlənməsi, darlıqların balonla açılması və stent qoyulması bu yolla mümkündür.

Ezofaqus varikoz bant liqasiyası

Portal hipertenziya nəticəsində qida borusunda genişlənmiş damarlar endoskopun ucluğuna taxılan rezin həlqələrlə tək-tək bağlanır. Həm qanaxma zamanı, həm də qanaxmaya meyilli damarlarda profilaktik olaraq aparılır.

EUS

Pankreasın və öd yollarının əlavə qiymətləndirilməsi tələb olunan hallarda seçilir.

Polipektomiya, EMR və ESD

Polip və selikli qişa törəmələrinin endoskopik yolla xaric edilməsi. Xaric edilən toxumanın histoloji cavabı sonradan izlənilir.

PEG

Qidalanma dəstəyi tələb edən seçilmiş hallarda tətbiq edilir.

Skleroterapiya və arqon plazma koaqulyasiyası

ERCP proseduru ercp.az portalında ayrıca və daha ətraflı izah olunur.

Müdaxilə necə aparılır

Hazırlıq aclıqla başlayır: ERCP-dən əvvəl xəstədən altı-səkkiz saatlıq aclıq tələb olunur, mədənin tamamilə boş olması vacibdir. Xəstə acqarına müraciət edir, stasionar şəraitdə palataya yerləşdirilir və oradan əməliyyat blokuna keçirilir.

Müdaxilənin özü adi qastroskopiya formasında icra olunur; ERCP zamanı endoskopiya ilə yanaşı xüsusi rentgendən də istifadə edilir. Xəstə ümumi anesteziya altında və ya damardaxili yatırma dərmanları ilə — on-on beş dəqiqəlik sedasiya ilə — yatırdıla bilər. Bu seçim mərkəzin praktikasından asılıdır və müdaxilənin gedişatına təsir etmir.

Xəstə yatırdıqdan sonra cihaz qida borusu, mədə və onikibarmaq bağırsaqdan keçirilir. ERCP-də onikibarmaq bağırsağın ikinci hissəsindəki papilla — bir-iki millimetrlik dəlik — açılıb genişləndirilir, yəni sfinkterotomiya olunur, sonra öd kanalının rentgen görüntüsü alınır və mexaniki sarılığın səbəbi dəqiqləşdirilir. Varikoz bant liqasiyasında isə endoskopun ucluğuna rezin həlqələrdən ibarət liqator yerləşdirilir və genişlənmiş damarlar tək-tək bağlanır.

Vaxtında aparılan müdaxilə

Mexaniki sarılığın səbəbi vaxtında aşkarlanıb diaqnoz qoyulubsa və ERCP göstərişi varsa, müdaxilə nə qədər tez icra olunsa, xəstəxanada qalma müddəti bir o qədər qısalır. Xoledoxdakı daş vaxtında çıxarıldıqda ağır pankreatit, xolangit və sepsis ehtimalı azalır; xəstə bəzən elə həmin gün və ya ertəsi gün evə göndərilir, normal qidalanma rejiminə və həyat tərzinə qayıdır.

Gecikmə nəyə gətirib çıxarır

Mexaniki sarılığın diaqnozu vaxtında qoyulmursa və ya göstəriş olduğu halda müdaxilənin vaxtı uzadılırsa, vəziyyət ağır pankreatitə, xolangitə, öd yollarının və öd kisəsinin iltihablaşmasına, nəhayət bütün bədənin infeksiyalaşmasına — sepsisə gətirib çıxarır. Bu mərhələdə böyrək çatışmazlığı, ürək problemləri, komaya qədər gedən ağırlaşmalar və ölümlə nəticələnən hallar mümkündür.

Nəyə diqqət yetirilir

Müdaxilədən sonra xəstə yenidən stasionar nəzarətə alınır. ERCP-dən sonra həmin gün qidalanma tamamilə dayandırılır; ertəsi gün xəstənin gedişatı və mədəaltı vəzin vəziyyəti dəyərləndirildikdən sonra qida rejimi açılır və xəstə evə yola salınır. Xəstəliyin gedişatından və qəbul zamanı vəziyyətdən asılı olaraq bir-iki gün sonra normal iş rejiminə qayıtmaq mümkün olur.

Qoyulan stentin növü sonrakı planı müəyyən edir. Plastik stentlərin ömrü üç-dörd ay olduğuna görə yenidən xolangit riski yaranmasın deyə onların çıxarılması və ya dəyişdirilməsi üçün təkrar ERCP planlaşdırılır; metal stentlər səkkiz-on aya hesablanır.

İzlənmə müdaxilə ilə bitmir. Endoskopik yolla xaric edilən törəmələrdə histoloji cavab izlənilir; sirroz diaqnozu qoyulmuş xəstələrdə qida borusunun damarlarına baxılır və qanaxmaya meyilli damarlar aşkarlandıqda ciddi qanaxma təhlükəsi yaranmadan öncədən bağlanır.

Dr. Aqil Ağakişiyev

Dr. Aqil Ağakişiyev

Qastroenteroloq, hepatoloq və invaziv endoskopist

Dr. Aqil Ağakişiyev — Avropa Beynəlxalq Hospital, qastroenteroloq, hepatoloq və invaziv endoskopist. Həzm sistemi, qaraciyər, öd yolları və mədəaltı vəzi xəstəlikləri üzrə qəbul aparır.

Həkim haqqında ətraflı

Həkimə sual verin və ya qəbula yazılın

Avropa Beynəlxalq HospitalMikayıl Müşfiq 2A, Bakı.